Çərşənbə, 09.18.2019, 8:11 AMMain | Registration | Login

Site menu

Giriş formu

Section categories

Axtarış

File Catalog
Main » Files

Total entries in catalog: 1
Shown entries: 1-1

Nizami rayonu prezidentin yaşıllaşdırma haqda sərəncamına       operativ reaksiya verib

Aprelin 3-də Ilham Əliyev sensasion sərəncam imzaladı. Sərəncama əsasən Bakı şəhərinin yaşıllaşdırılması və ətraf landşaftın müasir dizaynla tərtib edilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5 milyon manat məbləğində vəsait ayrıldı. Oxucu təəccüblənə bilər; axı burda sensasiya sayılacaq nə var? Lakin elementar analiz göstərir ki, paytaxtdakı yaşıllıqların məhvi üçün əlindən gələni edən hakimiyyətin belə bir sərəncamı, ən azı, başadüşülən deyil.
Gözəgörünməz ekoloji uğurlar
Axı kim bilmir ki, 5 milyon manat pul xərcləmədən də, Bakının yaşıllıq problemini çözmək olar. Özü də çox sadə – icra başçılarına ağacları qırıb yerini satmağı qadağan etməklə.
Prezidentin sərəncamına necə əməl ediləcəyi gələcəyin işdir. Lakin sərəncamın mahiyyətinə hopan qeyri-səmimilik onun "parlaq gələcəyindən” xəbər verir. Diqqət edin: sərəncamın preambulasında yazılır: "Son illər Azərbaycanın müxtəlif bölgələrində ekoloji vəziyyətin, o cümlədən iqlim şəraitinin sağlamlaşdırılması istiqamətində aparılan yaşıllaşdırma işləri müvəffəqiyyətlə həyata keçirilir.
Görülən tədbirlər ölkədə, xüsusilə də sənaye mərkəzi olan Bakı şəhərində oksigen balansının stabilləşməsinə və paytaxtın estetik görünüşünün yaxşılaşdırılmasına əlverişli zəmin yaradır…”
Son illər Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün, görəsən, hansı uğurlu işlər həyata keçirilir ki, qəzetlərin, cəmiyyətin bundan xəbəri olmayıb? Axı Ekologiya Nazirliyi səviyyəsində etiraf olunur ki, əyalətdəki qaz problemi ucbatında meşələr odun kimi qırılıb satılır. Meşə massivlərinin oliqarxların katec və istirahət mərkəzlərinin badına getdiyi sirr sayılmır. Eləcədə Şəki, Zaqatala, Qəbələ rayonlarından heç bir normativ gözləmədən ağacların qırılıb Rusiya ağacı kimi tikinti bazarında satılması da köhnə məsələlərdəndir. Bakıdan isə danışmağa dəyməz. Binəqədi rayonunda nəhəng Zeytun bağlarının MTN zabitlərinin xeyir-duası ilə baltalanmasını kim unudub?
Bəs, Bayıl yamacında Seysmoloji institutun "bir nömrəli sürüşmə zonası” arayışı verdiyi yerdə şam ağaclarını qırıb yerində tikilən göydələnlərdən kimin xəbəri yoxdur?..
Heydər Əliyevin məşhur kəlamı və Mehbalı Əliyev
Şıx çimərliyindən Salyan şössesindəki Lökbatan dairəsinə qədər uzanan yaşıllıq da göz qabağında xaincəsinə məhv edildi. Sumqayıtda Xəzərin kənarında min bir əziyyətlə salınan yaşıllığın da baltalanmasından heç bir il ötməyib. Xətai rayonunda yağı malı kimi qırılan ağaclardan da son bir ildə qəzetlərdə bol məqalələr yazılıb. Nizami rayonu isə 2 ildir ağaclara qarşı aqressiv davranışı ilə arxa-dayağı olsa, Ginnesin rekordlar kitabına düşər. Icra başçısı Mehbalı Əliyevin imzası ilə ötən müddətdə nə qədər ağac qırılıb, Allah bilir. Nizami rayon Icra Hakimiyyəti tək-tük dövlət orqanlarındandır ki, onun inzibati binası önünə YAP-ın rəhbəri, mərhum dövlət başçısı, "bir acağı kəsəndə elə bil qolumu kəsirlər” kəlamının müəllifi Heydər Əliyevin 10 metrlik portreti var. Mərhum dövlət başçısının ana təbiətin müdafiəsinə yönəlmiş fikri Nizami rayonu ərazisində faktiki olaraq qüvvədən düşmüş elan edilib. Belə olmasaydı, Qara Qarayev prospekti boyunca uzanan şamlığın qırılmasına göz yummaq olmazdı. Çox maraqlıdır ki, metro xəttinin üzərindəki şamlığın qırılıb yerində restoran, marketlərin salınması da təhlükəsizlik baxımından heç bir dövlət orqanını qayğılandırmadı.
"Heydər park”a da əl qaldıran tapılarmış
Nizami rayonundan demək olar ki, hər ay "həyətimizdəki (yolumuzun üstündəki) ağacları kəsirlər, gəlin çəkin” kimi oxucu zəngləri alırıq. Bu, artıq adiləşmiş haldır. Istəməsək belə, rayondakı vandallığa həyəcanlanmırıq. Lakin ötəngünkü zəngə biganə yanaşmaq mümkünsüzdü. Eşidin: "Mehbalı müəllim Heydər Əliyev adına parkı satıb, ağacları qırıb yerində bina tikirlər”. Yəni, bu qədər arxayınlıq, özbaşınalıq? Rusların "inan, amma yoxla” deyimini rəhbər tutub deyilən ünvana yollandıq.
"Laçın” Ticarət Mərkəzinin önündə ötən əsrin sonlarında salınan Heydər Əliyev parkı doğrudan da tamahın qurbanı olub. Parkın ümumi sahəsinin təxminən üçdə ikisi aşağı tərəfdən dəmir hasarlara alınıb. Parkın qonşuluğunda yaşayan sakinlərin sözlərinə görə, çəpərləmə bir ilə yaxındır edilib. Amma sadəlövh insanlar elə bilib ki, bu, parkda aparılacaq yenidənqurma və abadlıq işləri ilə bağlıdır. Lakin, bir gün ağaclara çalınan baltaların səsi onları diksindirib. Insanlar hələ də inanan bilmirlər ki, Heydər Əliyevin adını daşıyan parkı qırıb satmaq olar.
"Rövnəq Abdullayev ”Heydər parkı”nı qırıb əyləncə mərkəzi tikir”
Əkrəm adlı sakin başqalarından fərqli olaraq realistdir, onun dedikləri bizim üçün də maraqlı oldu: "Mehbalı Əliyev Neft şirkətinin prezidenti Rövnəq Abdullayevin qohumudur. Indi də söz gəzir ki, bura Rövnəqindir. Ancaq Mehbalıda, Rövnəqdə hardandır o cəsarət ki, Heydər Əliyevin adını daşıyan bağı qırsınlar? Bura gözdən iraq yer də deyil ki, deyəsən prezidentin xəbəri olmayacaq. Hamısı bilir, hamısı da razılıq verib. Bunlar üçün pul olsun, kifayətdir”.
Parkın çəpərlənən ərazisində 2-3 aydır ciddi tikinti işləri aparılır. Böyük tikintinin miqyası burda böyük bir kompleksin olacağına işarədir. Fəhlələrin sözlərinə görə, bir ilə tamamlanmalı planlaşdırılan bu tikilidə biznes-əyləncə mərkəzi fəaliyyət göstərəcək. Fəhlələr tikintinin sifarişçisi, podratçısı hansı şirkətdir, bilmirlər, yaxud bilirlər, deməkdən yayındılar. Adətən, belə tikintilərdə dəmir lövhələrə proyekt və onun icraçıları haqda məlumat vurulur. Burda o da yox idi. Bu özü aparılan işlərin qaranlıq mahiyyətini açan fakt idi. Tikintini əhatə edən dəmir çəpərlərin üzərinə isə olduqca simvolik təsvirlər yapışdırılmışdı. Onlar Nizami Gəncəvinin "Sirlər xəzinəsi”nin minatürləriydi. Münatürlərin birində "Ənuşirəvan və bayquşların söhbəti” xüsusən diqqəti cəlb edirdi.
Natiq
My files | Views: 1237 | Downloads: 0 | Added by: djoruc | Date: 02.26.2010 | Comments (0)

Copyright MAHOP © 2019 | Create a free website with uCoz