DÖVLƏT TƏBİƏT YASAQLIQLARI
Adı: Bərdə Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1966 Sahə(hektar):7,500 Olduğu yer: Bərdə və Ağdaş Qısa məlumat: Yaradılmasının əsas məqsədi Kürətrafı
tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Təbii
bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut
və s. ibarət cavan meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi
kolluqlardan, palıdın üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir.
Yasaqlıqda məməlilərdən çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış
pişiyi, porsuq, meşə dələsi, dovşan və s., quşlardan qırqovul, turac,
fitçi cürə, qırmızıbaş ördək, meşə cüllütü, alabaxta, kiçik və böyük
qarabattaq və s. məskunlaşmışdır.
Adı:Şəki Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1964 Sahə(hektar):10,350 Olduğu yer: Şəki rayonu Əyriçayın hövzəsində Yevlax-Şəki və Şəki-Oğuz şosse yollarının arasında Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd
buradakı heyvan və quşları, xüsusilə qırqovul və turac kimi quşları,
qonur ayı və çöl donuzu kimi heyvanları qorumaqdır. Ərazi zəngin bitki
örtüyünə malikdir. Meşə sahələri palıd, qızılağac, qoz, tut kimi
ağaclardan ibarətdir. Çay dərələrinə meşə əmələ gətirən ağaclarla
birlikdə yemişan, əzgil, böyürtkən, alça, və s. kollar keçilməz
cəngəlliklər əmələ gətirir. Şəki yasaqlığında qonur ayı, çöl donuzu,
canavar, çaqqal, tülkü, meşə pişiyi, yenot, porsuq, dovşan, Samur, meşə
dələsi, sincab, və s. məməlilər, qırqovul, turac, meşə göyərçini,
alabaxta, bekas, bildirçin, yaşılbaş ördək və s. quşlar
məskunlaşmışlar.
Adı: Gil adası Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1964 Sahə(hektar):400 Olduğu yer: Bakı şəhərinin Qaradağ rayonunun ərazisində Qısa məlumat: Burada əsasən adadakı və onun
ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar qorunur. Ərazidə
qağayıların sayı bəzən 10 000-ə çatır.
Adı: Bəndovan Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1961 Sahə(hektar):4,930 Olduğu yer: Salyan və Qaradağ rayonlarının ərazisində Qısa məlumat: Yasaqlığın yaradılmasında əsas məqsəd bu
ərazidəki ceyranları və digər məməli heyvanları, köçəri və oturaq su və
quru quşlarını qoyuyub artırmaqdır. Yasaqlığın ərazisi heyvanlar
aləminə görə xeyli zəngindir. Burada məməlilərdən ceyran (Gazella
sulgutturosa), dovşan, tülkü, çaqqal, canavar, porsuq və s. məməli
heyvanlar yaşayır. Xəzər dənizinin sahil sularında suiti, çoxlu
müxtəlif balıqlar yaşayır. Ərazidə quşlardan qu quşu, çay ördəyi,
dalğıc ördəyi, vağ, qarabattaq, qaşqaldaq, bəzgək (Otis tetrax), turac,
bildirçin və s. yayılmışdır.
Adı: Korçay Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1961 Sahə(hektar):15,000 Olduğu yer: Xanlar və Goranboy Qısa məlumat: Yaradılmasının əsas məqsədi ərazidəki ov
əhəmiyyətli heyvan və quşları qorumaqdır. Bitki örtüyü
yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının
bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir.
Burada məməlilərdən ceyran (Gazella sulgutturosa), dovşan, tülkü,
çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.
Adı: Laçın Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1961 Sahə(hektar):21,370 Olduğu yer: Laçın rayonunun ərazisində Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd
buradakı məməliləri (cüyüukbyr, qayakeçisi, çöl donuzu və s.) və
quşları ( turac, kəklik və s.) qoruyub artırmaqdır. Ərazi əsasən vələs,
cökə, ağcaqayın və s. qarışığından ibarət palıd meşələrindən ibarətdir.
Burada bir sıra heyvanların da məskunlaşması üçün əlverişli şərait
vardır. Yasaqlıqda bezoar keçisi (Capra aegagrus), cüyür, çöl donuzu,
dovşan, canavar, porsuq, dələ, ayı kimi məməlilərə; kəklik, tetra quşu,
bildirçin, alabaxta və s. quşlara rast gəlinir. Hal-hazırda yasaqlıq
işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.
Adı: Qusar Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1964 Sahə(hektar):15,000 Olduğu yer: Qusar rayonunun ərazisində Qısa məlumat: Yasaqlığın yaradılmasında başlıca məqsəd
buradakı bir sıra ov əhəmiyyətli məməli heyvanları və quşları qoruyub
saxlamaqdır. Meşə sahəsində fısdıq, vələs, palıd yayılmışdır. Kol
bitkilərindən yemişan, zoğal, armud, alça, alma, itburnu, böyürtkən,
qaratikan və s. təsadüf edilir. Yasaqlıqda çöl donuzu, cüyür, canavar,
meşə pişiyi, qamış pişiyi, çaqqal, yenot, dovşan və s. kimi məməlilər,
turac, kəklik , bildirçin, çöl göyərçini, yaşılbaş ördək, fitçi cürə və
s. kimi quşlar yayılmışdır.
Adı: Şəmkir Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1964 Sahə(hektar):10,000 Olduğu yer: Şəmkir rayonunun ərazisində Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd
buradakı quşları və məməli heyvan növlərini, xüsusilə də çöl donuzu,
kəklik, turac, qırqovul və ördəkləri qorumaqdır. Yasaqlıqda tuqay və
yarımsəhra bitki formasiyaları yayılmışdır. Tuqay meşə və kolluqları
Kür çayı yatağının ətrafında yerləşir, onlar söyüd, ağyarpaq qovaq,
qaratikan, böyürtkən, yulğun və s. ibarətdir. Ərazinin təbii landşaft
sahələri müxtəlif olub, heyvanların məskunlaşması üçün əlverişli
mövqeyə malikdir. Burada məməlilərdən çöl donuzu, canavar, dovşan, meşə
pişiyi, çaqqal, tülkü, turac, qırqovul (Phasianus), kəklik, turac və
müxtəlif su quşları vardır.
Adı: Zuvand Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1969 Sahə(hektar):15,000 Olduğu yer: Lerik və Yardımlı rayonlarının ərazisində Qısa məlumat: Yasaqlığın yaradılmasında əsas məqsəd
dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. heyvanların
qorunmasıdır. Ərazinin bitki örtüyü çox kasıb olub, quru bozqır
bitkiləri komplekslərindən təşkil olunmuşdur. Əsasən yabanı dənli və
paxlalı-dənli bitki qrupları üstünlük təşkil edir. Yasaqlığın ərazisi
heyvanlar aləmi ilə çox zəngin deyildir. Burada qayakeçisi, kaftar, çöl
donuzu, dovşan, canavar, tülkü və s. heyvanlar yayılmışdır.
Adı: İsmayıllı Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1969 Sahə(hektar):23,438 Olduğu yer: Əsasən İsmayıllı, qismən də Qəbələ rayonlarının ərazisində Qısa məlumat: Yasaqlığın yaradılmasında əsas məqsəd
burada məskunlaşmış heyvanların qorunması və sayının artırılmasıdır.
Bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir.
Meşə ilə örtülü sahələr əsasən vələs, fısdıq, və palıd meşələrindən
ibarətdir. Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ, həm də say
etibarilə çox zəngindir. Burada quşlardan kəklik, bildirçin, turac,
alabaxta, ular və s., məməlilərdən canavar, vaşaq, meşə pişiyi, yenot,
çaqqal, dələ, dovşan və s. məskunlaşmışdır.
Adı: Qubadlı Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1969 Sahə(hektar):20,000 Olduğu yer: Qubadlı və Laçın rayonlarının ərazisində Qısa məlumat: Qubadlı rayonunun şimal və Laçın
rayonunun cənub hissəsində dağ-bozqır sahələrini əhatə edir. Bu
yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini,
xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu
və. s.) və quşları (qırqovul və s.) qorumaqdır. Ərazidə yayılmış seyrək
meşəliklər və kolluqlar palıd, vələs, ardıc, yemişan, itburnu,
böyürtkən və s. ibarətdir. Ərazinin ekoloji amilləri burada heyvanların
normal məskunlaşmasına tam şərait yaratmışdır. Çöl donuzu, qonur ayı,
canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq, kəklik, qırqovul, turac,
bildirçin və s. yayılmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və
onun fəaliyyəti tamamilə dayandırılmışdır.
Adı: Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1978 Sahə(hektar):10,700 Olduğu yer: Lənkəran rayonunun ərazisində Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində Qısa məlumat: Yasaqlığın yaradılmasında məqsəd
buradakı su, bataqlıq və quru ərazilərinin köçəri və oturaq quşlarını
qorumaqdır. Kiçik Qızılağac körfəzi balıqlarla zəngindir və çoxlu sayda
köçəri və oturaq quşların məskənidir. Yasaqlıqda quşlardan turac,
dovdaq, mərmər cürə, dəniz qartalı, məzar qartalı, sultan toyuğu,
dovdaq, ərsindimdik, qırmızıdöş qaz və s., məməlilərdən canavar, tülkü,
çaqqal, qamış pişiyi, porsuq, və s. növlərə təsadüf edilir.
Adı: Qızılca Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1984 Sahə(hektar):5,135 Olduğu yer: Gədəbəy rayonda Gədəbəy meşə təsərrüfatının Qızılca meşəçiliyi sahəsində Qısa məlumat: Onun yaradılmasında əsas məqsəd ərazinin
təbiət kompleksini, xüsusilə məhv olmaq təhlükəsində olan heyvanlar və
bitki nümunələrini qorumaqdır. Ərazidə meşə və meşə altından çıxmış
dağ- bozqır bitkiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən
əsas ağac cinsləri palıd, fısdıq və vələsdir. Yasaqlıqda cüyür, qonur
ayı, çöl donuzu, dovşan və s. heyvanlar qorunur.
Adı: Daşaltı Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1981 Sahə(hektar):450 Olduğu yer: Şuşa rayonunun ərazisində Şuşa şəhərinin ətrafında Qısa məlumat: Şuşa şəhəri və Şuşa rayonu Qarabağın,
Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli
sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi
saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır.
Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir.
Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal,
əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf
edir. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngindir. Burada
cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal, və onlarla quş növü
məskunlaşmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun
fəaliyyəti tamamilə dayandırılmışdır.
Adı: Arazboyu Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1993 Sahə(hektar):2,200 Olduğu yer: Zəngilan rayonunun ərazisində Qısa məlumat: Tuqay meşələrinin qorunması və bərpası
məqsədilə yaradılmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun
fəaliyyəti tamamilə dayandırılmışdır.
Adı: Qəbələ Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1993 Sahə(hektar):39,700 Olduğu yer: Qəbələ rayonunun ərazisində Qısa məlumat: Qəbələ rayonunun ərazisində təşkil
edilmişdir. Yaradılmasının əsas məqsədi Böyük Qafqaz dağlarının cənub
yamaclarının landşaftını qorumaqdır.
Adı: Qax Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 2003 Sahə(hektar):36,836 Olduğu yer: Qax rayonu İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd Qısa məlumat: Yasaqlığın yaradılmasının başlıca
məqsədi yay otlaqlarında və Acınohur düzündə faunanın qorunması və
nəsli kəsilməkdə olan heyvan növlərinin bərpa edilməsidir.
Adı: Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı Yaradıcılığı il:: 1964 Sahə(hektar):11,970 Olduğu yer: Ağstafa rayonu, Qarayazı meşələri sahəsində Qısa məlumat: Yasaqlığın təbii landşaft sahələri
əsasən tuqay meşələrindən, palıd meşəsi, cavan qarışıq meşələr və
kolluqlardan, kollu və ot bitkisi olan açıqlıqlardan, otlaqlardan,
əkindən, qamışlı cəngəlliklərdən, cınqıllıqlardan, su sahəsindən və s.
ibarətdir. Yasaqlığın ərazisi insanın təsərrüfat fəaliyyətinin intensiv
təsirinə məruz qalsa da, heyvan və quşlarla zəngindir. Burada maral,
çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq kimi
məməlilər, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq,
göyərçin, hop-hop, ağacdələn, bildirçin və s. quşlar vardır.
Qeyd etmək lazımdır ki, erməni təcavüzü nəticəsində xüsusi mühafizə
olunan təbiət ərazilərindən 2 DTQ (Bəsitçay və Qara göl) və 4 DTY
(Laçın, Qubadlı, Daşaltı, Arazboyu) əraziləri (44 min hektar) işğal
edilmiş, onların fəaliyyəti tamamilə dayandırılmışdır.
<www.Azerbaijan.az>
|