MİLLİ PARKLAR
Milli Parklar
- xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət
komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi,
mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi
tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
Adı: Hirkan Milli Parkı
Yaradıcılığı il: 2004
Sahə (hektar): 21435
Olduğu yer: Lənkəran və Astara rayonlarının ərazisində.
Qısa məlumat: Hirkan Milli Parkı Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə 2004-cü ilin 9 fevral
tarixində yaradılmışdır. Milli Park Azərbaycanın cənubi-şərqində,
Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir. Milli
Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks
şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin
mühafizəsi, Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş
tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin
monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması,
eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.
Hirkan Milli Parkının ərazisinin çox hissəsi meşələrlə örtülüdür.
Burada ən isti ayın orta temperaturu 270S olur. Hirkan Milli Parkının
ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da (1000 m-ə qədər), şərqdən
qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini
müşahidə etmək olar: aşağı hissədə əsasən, şabalıdyarpaq palıd,
dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz
xurması, Azat, və s. ilə birlikdə) üstünlük təşkil etdiyi meşələr
yayılmışdır. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də
şabalıdyarpaq palıd azalır, onları fısdıq meşələri əvəz edir. Milli
Parkın meşələrində ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal,
müxtəlif lianlar geniş yayılmışdır. Bu bitkilərin əksəriyyətinin adı
Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir. Hirkan Milli Parkının
ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk
qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu,
toğlugötürən və s. quşların adları Azərbaycanın «Qırmızı Kitabı»na
daxil edilmişdir. Parkın heyvanat aləmi çox zəngindir. Burada
məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və
s. novlərə rast gəlmək olar.
Adı: Şirvan Milli Parkı
Yaradıcılığı il: 2003
Sahə (hektar): 54373,5
Olduğu yer: Salyan rayonunun ərazisində, həmçinin Bakı şəhərinin Qaradağ və Neftçala rayonlarının ərazilərinin.
Qısa məlumat: Milli Parkın yaradılmasında əsas məqsəd
yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan
Respublikasının «Qırmızı kitabı»na düşmüş ceyranları və o ərazi üçün
səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi
həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət
üçün şərait yaratmaqdır. Milli Parkın ərazisində relyefin, bitki və
torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini
ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu
yarımsəhra xırda təpəlikləri və şoranotlu yarımsəhra düzənliyi təşkil
edir. Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır
tipli iqlim hakimdir. Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi və
duzlaq-çoğanlı, yarımsəhra bitkiləri və çərənli-yovşanlı,
yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli,
sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük
təşkil edir. Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda yaşayan
heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağa (Pelobates
syriacus), yaşıl quru qurbağası (Bufo viridis), Kiçik Asiya ağac
qurbağası (Hyla arborea savigini) və göl qurbağasıdır (Rana ridibunda).
Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə
üzləşmiş növ olduğu üçün «Beynəlxalq Təbiəti Mühafizə İttifaqının
Siyahısı»na və Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil
edilmişdir, qanunla qorunur. Şirvan Milli Parkının heterofaunasını 17
növ sürünən heyvanlar təşkil edir. Aralıqdənizi və ya quru tısbağası
nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün
«Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı»na və Azərbaycan
Respublikasının «Qırmızı Kitabı»a daxil edilmişdir, qanunla qorunur.
Jənubi Qafqaz gürzəsi Milli Parkın ərazisində geniş yayılmış sürünən
növlərdəndir. Tibbi xammal olan zəhərinə görə gürzə ilanları qiymətli
sürünən növü hesab olunur. Quşların miqrasiyası və qışlama dövründə
göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər (Anas
platyrhynhos), fitçi cürə (A.crecca), boz ördək (A.strepera), marek
(A.penelope), bizquyruq (A. aguta), cırıldayan cürə (A. querqudela),
enliburun ördək (A. clypeata), flaminqo (Phoenicopterus ruber),
fısıldayan qu (Jygnus cygnus), qaşqaldaq (Fulica atra), dərin su
sahələrində isə qırmızıburun (Netta rufina), qırmızıbaş (Aythya
ferina), kəkilli (A. fuligula) və dəniz dalğıcları (A.marila), güləyən
ördək (Bucephala clangula) və digər ördək növləri toplantılar əmələ
gətirirlər. Göstərilən biotoplarda iyrəncələrə (Podicipedidae),
qutanlara (Pelcanidae), qarabattaqlara (Phalacrocoracidae) və
qağayılara (Laridae) rast gəlinir. Göllərin ətrafındakı açıq bataqlıq
sahələrdə, dənizsahili nəmli qumsallıqlar və laqunalarda çovdarçılar
(Jharadridae), bizdimdiklər (Recurvirostridae) və bekaslar
(Scolopacidae) toplantılar əmələ gətirir. Azərbaycan və dünya
miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə
rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın «Qırmızı Kitabı»na,
10-u ancaq «Beynəlxalq Təbiəti Mühafizə Jəmiyyətinin Siyahısı»na, 10-u
isə həm Azərbaycanın «Qırmızı Kitabı»na (1989), həm də «Beynəlxalq
Təbiəti Mühafizə Jəmiyyətinin Siyahısı»na (2002) daxil edilmişdir.
Ceyran, safsar və çöl pişiyi respublikamızın «Qırmızı Kitabı»na daxil
edilmişdir. Xəzər suitisi, ceyran və safsar «Beynəlxalq Təbiəti
Mühafizə Jəmiyyətinin Siyahısı»nda müxtəlif statusla qorunan növlər
elan edilmişdir. Bütün yarasa növləri EUROBATS Sazişinə görə mühafizə
olunurlar.
Adı: Ağ göl Milli Parkı
Yaradıcılığı il: 2003
Sahə (hektar): 17,924
Olduğu yer: Ağcabədi və Beyləqan rayonlarının ərazisində.
Qısa məlumat: Ağ göl Azərbaycanın ən məşhur çöl-göl
ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların
məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq
əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə
İttifaqının «Qırmızı Siyahı»sına və Azərbaycan Respublikasının «Qırmızı
Kitabı»na daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl
mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama
yeri olub, 2001-ci il 25 may tarixində «Əsasən su quşlarının yaşama
yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında»
Ramsar Konvensiyasının «Ramsar Siyahısı»na daxil edilmişdir. Ağ göl
Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq
ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və
onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna
növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini
keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin
monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və
ekoturizmin inkişafını təmin etməkdir. Göl əsasən qamışlıqlarla əhatə
olunmuşdur. Milli Parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru
bozqırların mülayim-isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün
suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və
məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır. Ağ göl Milli
Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və
kiçik qarabattaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı,
çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk
qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş
ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır. Milli
Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl
donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir.
Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin güclü populyasiyasına
təsadüf olunur.
Adı: Akademik H. Əliyev adına Ordubad Milli Parkı
Yaradıcılığı il: 2003
Sahə (hektar): 12131
Olduğu yer: Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun ərazisində.
Qısa məlumat: Ordubad Milli Parkının yaradılmasında
məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin
özünəməxsus iqlim, relyef və digər fiziki-coğrafi xüsusiyyətlərə malik
olması, burada müxtəlif növ heyvanların, o cümlədən, endemik növlərin
qorunub saxlanması ilə yanaşı, ərazi üçün səciyyəvi olan fauna
növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək,
əhalini ekoloji maarifləndirmək, turizm üçün əlverişli şərait
yaratmaqdan ibarətdir. Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur
silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən
yüksək zirvəsi olan Gəmiqaya Ordubad Milli Parkının ərazisində olmaqla
3906 metrdir. Ordubad Milli Parkının ərazisinin çox hissəsi dağlıqdır.
Yayı quraq keçən soyuq iqlimi var. Orta temperatur yanvar ayında
3-100J-dək, iyulda 10-250J-dəkdir. Əsasən boz, çəmən-boz,
allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqlar yayılmışdır.
Naxçıvan Muxtar Respublikası ərazisində 38 növ və yarımnöv sürünənlər
mövcuddur. Bunlardan 5 növ tısbağa, 12 növ və yarımnöv ilanlara rast
gəlmək olar. Xəzər tısbağası, Aralıq dənizi tısbağası, yovşanlıq
girdaban kərtənkələsi, Kiçik Asiya gürzəsi, Kiçik Asiya kərtənkələsi,
Zaqafqaziya təlxəyi, ox ilanı qorunduğu üçün «Qırmızı Kitab»a
salınmışdır. Ərazidə 217 növ və yarımnöv quşa rast gəlinir ki,
bunlardan 15 növü «Qırmızı Kitab»a daxil edilmişdir. Naxçıvan Muxtar
Respublikasında 62-yə qədər məməli heyvan növünə və ya yarımnövünə
təsadüf edilir. Bunlardan 32 növ və ya yarımnövə Ordubad Milli Parkının
və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində rast gəlinir. Naxçıvan
Muxtar Respublikası ərazisində 12 növ yırtıcı heyvan yayılmışdır.
Bunlardan Milli Parkın ərazisində canavar, çaqqal, adi tülkü, zolaqlı
kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyi və s. rast gəlmək mümkündür.
Ordubad Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi
ali və nadir bitkilərə görə də zəngindir. Belə ki, Muxtar Respublika
ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın və
Yasaqlığın ərazisində mövcuddur.
Adı: Abşeron Milli Parkı
Yaradıcılığı il: 2005
Sahə (hektar): 783
Olduğu yer: Bakı şəhərinin Əzizbəyov rayonunun ərazisində,
Abşeron yarımadası.
Qısa məlumat: Abşeron Milli Parkı Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə
783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında
yaradılmışdır. Milli Park nın cənub-şərq qurtaracağında - Şah Dili
ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca
məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi,
nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi,
ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub
saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət
(rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata
keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin
etməkdir. Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir.
Quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar,
bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ
vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və
s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi,
yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və
həmçinin müxtəlif növ balıqlar məskunlaşmışdır. Abşeron Milli Parkının
Xəzər dənizi ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır. Bu
növ, pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik
suitisi kimi «Ginnes»in rekordlar kitabına daxil edilmişdir.
Adı: Altıağac Milli Parkı
Yaradıcılığı il: 2004
Sahə (hektar): 11035
Olduğu yer: Xızı və Siyəzən rayonlarının ərazilərində.
Qısa məlumat: Altıağac Milli Parkı Altıağac Dövlət
Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu orpaqlarının
bazasında 11035 hektar ərazidə yaradılmışdır. Milli Parkın
yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub-şərqi yamaclarının
təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin
bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji
monitorinqin həyata keçirilməsi və eləcə də, turizm və istirahət
(rekreasiya) üçün şərait yaradılması və əhalinin ekoloji cəhətdən
maarifləndirilməsini təmin etməkdir. Milli Parkın ərazisində qonur
dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış
dağ-çəmən və s. torpaq tipləri yayılmışdır. Ərazidə qışı quraq keçən
mülayim-isti və yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir.
Milli Parkın ərazisinin çox hissəsini meşələr əhatə edir. Buradakı
meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi,
Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Burada yemişan,
böyürtkən, əzgil, qaratikan, itburnu və s. kimi kol bitkiləri üstünlük
təşkil edir. Altıağac Milli Parkının ərazisində məməlilərdən cüyür,
qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar,
quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı,
kəklik, qaratoyuq və s. növlərə rast gəlinir. Ərazidə adları
Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmiş qonur ayı, çol qartalı
kimi məməli heyvan və quş növləri diqqəti daha çox cəlb edir.
<www.Azerbaijan.az>
|