Bioloji müxtəliflik - yer üzərində bütün canlıların - mikroorqanizm,
bitki və heyvanların müxtəlifliyi deməkdir. Azərbaycan Respublikası
Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan
Respublikasının ərazisində 9 iqlim zonası üzrə 4500 növə kimi ali
bitkilər qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-ni,
keçmiş ittifaqın bütün florasının 24%-ni təşkil edir. Respublikada rast
gələn 600 növ endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz
florasına aiddir.
Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növü daxil edilmişdir.
Respublika ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Müasir
Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların
100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü,
həşaratların 15 minə yaxın növünü əhatə edir.
Azərbaycan Respublikasının "Qırmızı kitabı"na məməlilərin 14 (ceyran,
bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq,
ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı,
qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton,
Suriya sarımsaqiyli qurbağa, eskulap ilanı), həşaratların 40 növ və
yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.)
daxil edilmişdir. Bioloji növ müxtəlifliyinin əsas səbəbi regionun
geoloji tarixi və müxtəlif iqlim şəraitinin olmasıdır.
Bütün dünyada vəhşi təbiətin qorunması və öyrənilməsində xüsusi
mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi ekosistemin
qorunub saxlanılmasında mühüm rol oynayır. Məhz, xüsusi mühafizə olunan
təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə
oldan fauna və flora növlərinin qorunub saxlanılmasına imkan
yaranmışdır.
<www.Azerbaijan.az>